Axtarış-kəşfiyyat işləri
__________________________________________________________________________________________________________
Fəaliyyət istiqamətləri:
· Neftli-qazlı hövzələrinin litofasial və struktur-tektonik xüsusiyatlərinin, paleotektonik, geokimyəvi və termobarik şəraitlərinin öyrənilməsi və neft-qazlılıq perspektivliyinin əsaslandırılması, axtarış-kəşfiyyat qazıması üçün ən perspektivli strukturların seçilməsi;
· Karbohidrogenlərin proqnoz resurslarının kəmiyyətcə dəqiqləşdirilməsi və axtarış-kəşfiyyatın səmərəli istiqamətlərinin müəyyən edilməsi;
· Azərbaycanın dərin (4,5 – 7 km ) qatlarının neft-qazlılıq perspektivliyinin kompleks kriterilər əsasında araşdırılması;
· Ayrı-ayrı neftlı-qazlı bölgələrdə çöküntü komplekslərinin rezervuarları, yayılma zonaları və onların neft-qazlılığı və onları örtən keçiriciliyi olmayan süxur örtüklərinin öyrənilməsi.
Görülən işlər:
· Ayrı-ayrı sedimentasiya hövzələrinin geoloji quruluşları, paleotektonik, geokimyəvi və termobarik şəraitləri yeni geoloji-geofiziki və qazıma materialları əsasında öyrənilib. Karbohidrogenlərin əmələgəlməsi, miqrasiyası, akkumulyasiyası və konservasiyasının geoloji-geokimyəvi şəraitləri araşdırılıb. Bu kompleks meyarlar əsasında ayrı-ayrı çöküntü kompleksləri və bölgələrin neftqazlılıq perspektivliyi müəyyən edilib;
· Azərbaycanın quru ərazisində geniş yayılmış Mezozoy (Trias, Yura və Təbaşir) və Kaynozoy (Paleogen-Miosen və Pliosen) çöküntülərinə, bütün neftli-qazlı bölgələrə və dərinlik intervallarına görə karbohidrogenlərin proqnoz resursları kəmiyyətcə qiymətləndirilib, ilk dəfə olaraq Təbaşir çöküntülərilə bərabər Yura və Triasın da potensial resursları öyrənilib;
· Azərbaycan ərazisində 4,5 – 7 km və daha dərin zonalarda yatan Mezokaynozoy çöküntülərinin neftqazlılıq potensialı kompleks araşdırılıb. Terrigen və karbonat tipli rezervuarlar ilə əlaqədar antiklinal və qeyri-antiklinal tələlərin yayılma zonaları və neftqazlılıq perspektivliyi öyrənilib. Böyük dərinliklərdə əsas neftli-qazlı çöküntü komplekslərinin Mezozoyun Təbaşir və Yura yaşlı olması müəyyənləşdirilib. Böyük Qafqazın cənub-şərq batımının (Quba-Dəvəçi, Xızı, Şamaxı – Qobustan və Abşeron tektonik elementləri) perspektivliyi daha yüksək qiymətləndirilib. Ayrı-ayrı bölgələr və çöküntü kompleksləri üzrə neft-qaz əmələgəlmə və toplanma zonaları ayrılıb.
· Azərbaycanın neftli-qazlı bölgələrində Mezozoy (Təbaşir və Yura) və Kaynozoy (Pliosen, Miosen, Paleogen) çöküntülərinin neftqazlılığını öyrənmək üçün 50 – 60 ildən çox müddətdə qazılmış yüzlərlə dərin axtarış-kəşfiyyat quyularının az səmərəliyinin əsas səbəbləri müəyyən edilib.
Kəşfiyyat işlərinin əsaslandırılması
Fəaliyyət istiqamətləri:
· Neftli-qazlı rayonlarda aparılmış geoloji və geofizik kəşfiyyat işlərinin nəticələrinin təhlili;
· Perspektivli sahələrdə axtarış-kəşfiyyat işləri layihələrinin tərtibi;
· Axtarış-kəşfiyyat işlərinin elmi və metodik məsələlərinin işlənib hazırlanması və tətbiqi.
Görülən işlər:
· Azərbaycanın neftli-qazlı rayonlarının geoloji quruluşları öyrənilmiş, axtarış-kəşfiyyat işlərinin kompleks layihələri və bir sıra perspektivli sahələrdə aparılmış və aparılacaq axtarış-kəşfiyyat işlərinin layihələri tərtib olunmuşdur;
· Layihələr əsasında aparılmış axtarış-kəşfiyyat işləri nəticəsində Muradxanlı qalxımının taq hissəsində, Azərbaycanda ilk dəfə olaraq üst Təbaşirin effuziv süxurlarında və Orta Eosenin tufogen çöküntülərində aşkar olunmuş neft yataqları işlənmədədir. Zərdab, Əmirarx və Gürzündaq sahələrində isə qazılmış axtarış quyularından orta Eosen çöküntülərdən neft axınları alınmışdır;
· Tekçay antiklinalının CŞ periklinalında Valanjin mərtəbəsinin karbonatlı çöküntülərindən əhəmiyyətli neft, qaz və kondensat, Surabad antiklinalının CQ qanadında Alb mərtəbəsinin Külülü qumdaşıları horizontundan isə 160 min m3/gün hasilatla axını alınmışdır;
· Qərbi-Abşeronun Paleogen-Miosen çöküntülərinin geoloji quruluşu öyrənilmiş, mövcud neft yataqları ərazilərində və yeni perspektivli sahələrdə bir sıra axtarış və kəşfiyyat quyularının qazılması əsaslandırılmış, zəif keçiricilikliyə malik qumlu-alevrolitli kollektorların mənimsənilməsinin səmərəliliyini artırmaq üçün təklif hazırlanmışdır;
· Qeyri-antiklinal tipli yataqların axtariş-kəşfiyyat metodları nəzəri əsaslar və metodik göstəricilər sasında təkmilləşdirilmiş, kiçik ehtiyatlara malik müxtəlif tiplərə aid yataqların axtarış-kəşfiyyat metodlarının optimallaşdırılması kimi böyük tətbiqi əhəmiyyəti olan elmi-tədqiqat işləri aparılmışdır.
Karbohidrogenlərin proqnoz resurslarinin geoloji və geokimyəvi qiymətləndirilməsi
Fəaliyyət istiqamətləri:
· Üzvi maddələrin və süxurların geokimyasının öyrənilməsi;
· Neftlərim geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi;
· Təbii bitum yığımlarının geoloji yatım şəraitlərinin, onların xüsusiyyətlərinin və tərkiblərinin öyrənilməsi;
· Karbohidrogen resurslarının qiymətləndirilməsi.
Görülən işlər:
· Şamaxı-Qobustan (Çeyildərə, Ayrantökən, Qırqışlaq, Nardaran–Axtarma və s.), Apşeron (Qırmaki, Ziyilpiri və b.), Aşagıkür (Babazanan) və həmçinin Kür-Qabırrı Caylarıarası (Eldaroyuğu,Qatar və s.) ərazilərində yerləşən təbii bitum yataqlarının dağ-geoloji yatım şəraitləri və geoloji quruluşları üzrə geniş materiallar mənimsənilmiş və təhlil edilmişdir;
· Hər yataq üzrə müxtəlif genetik tiplərə aid olan bitum ehtiyatları hesablanmış və dəqiqləşdirilmişdir, onların kimyəvi tərkibləri yetərincə öyrənilmişdir;
· Bitum yataqları arasından, kəşfiyyatqabağı və dəqiq kəşfiyyat baxımından, həmçinin bu qiymətli və faydalı qazıntıların açıq işlənməsi üçün karxanaların tikilməsi məqsədi ilə daha perspektiv və önəmli yataqlar ayrıca seçilmişdir;
· Hər bir sahə üzrə təbii bitum yataqları üçün geoloji kəşfiyyat layihələri hazırlanmış və açıq işlənmələrin öyrənilməsi və hazırlanması dərəcəsinə görə klassifikasiya verilmişdir;
· Quru sahələrdə neft və qazın ilk cəm və kəşf olunmamış (perspektiv və proqnoz) resursları qiymətləndirilmiş və dəqiqləşdirilmişdir;
· Həmçinin sənaye və öncədən qiymətləndirilmiş resursların vəziyyəti və strukturu təhlili olunmuşdur. Neftin perspektiv resursların sıxlıq xəritələri qurulmuşdur.
Quyuların qazılmısının geoloji əsaslandırılması
Fəaliyyət istiqamətləri
· Kəşfiyyat və istismar sahələrində aparılacaq qazıma işlərinin vaxtında və qüsursuz yerinə yetirilməsi üçün litoloji-stratiqrafik və struktur-tektonik xüsusiyyətlərinin qiymətləndirilməsi;
· Qazıma zamanı geoloji mürəkkəbləşmələrin qarşısını almaq və quyuların layihə dərinliyinə çatdırılmasını təmin etmək üçün tədbirlərin hazırlanması.
Görülən işlər:
· Tədqiqat sahəsində və qonşu sahələrdə qazılmış struktur-axtarış, axtarış-kəşfiyyat və istismar quyularının mədən məlumatları öyrənilir;
· Sahənin struktur-tektonik quruluşu, litoloji-stratiqrafik xüsusiyyətləri araşdırılır və tərtib olunmuş xəritə və profillər əsasında rayonun geoloji quruluşu dəqiqləşdirilir;
· Geoloji mürəkkəbləşmələrin stratiqrafik komplekslər və dərinliklər üzrə litoloji-stratiqrafik və tektonik səbəblərdən asılılığı aydınlaşdırılır;
· Quyuların qazıma şəraitlərinin xarakterik xüsusiyyətləri öyrənilir və geoloji şəraitdən asılı olaraq mürəkkəbləşmələr proqnozlaşdırılır;
· İşlədilmiş qazıma məhlulunun sıxlıqları stratiqrafik komplekslər üzrə təhlil edilir və layihələndirilən quyular üçün təkliflər verilir;
· Sahə üzrə hesablanmış lay və hidroyarılma təzyiqlərinin qiymətlərinə əsasən uyğunlaşdırılmış təzyiqlər qrafiki qurulur;
· Uyğunlaşdırılmış təzyiqlər qrafikinə əsasən qazılacaq quyular üçün, geoloji şəraitdən asılı olaraq, qazıma zamanı baş verə biləcək müxtəlif xarakterli mürəkkəbləşmələr nəzərə alınmaqla, texnoloqlarla birlikdə, qoruyucu kəmərlərin sayı, onların diametrləri təyin edilir və intervallar üzrə bərkitmə zonaları təklif olunur.