Not seeing a Scroll to Top Button? Go to our FAQ page for more info.

İnstitutun tarixi - niping

Mükəmməl mühəndis həlli
İçeriğe git
 
İnstitutun tarixi
___________________________________________________________________________________________

 
80 illik tarixə malik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin NİPİ “Neftegas”  institutunun nəinki ölkəmizin, eləcə də keçmiş SSRİ neft sənayesi və neft elminin inkişafında müstəsna xidmətləri olmuşdur. İnstitutun fəaliyyətinin tarixi ölkəmizin neft qaz kompleksinin yaradılması və inkişafı ilə bilavasitə sıx bağlı olub.
Ötən əsrin 20-ci illərindən başlayaraq neft mədənlərinin yenidən qurulması, yataqların mənimsənilməsi və s. kimi məsələlərin həlli mütəmadi olaraq geniş elmi-tədqiqat, konstruktor və təcrübi işlərin yüksək səviyyəli mütəxəssislər tərəfindən aparılmasını, istiqamətlər üzrə aparılan işlərin həyata keçirə bilən təşkilatın yaradılmasını tələb edirdi. Mədənlərin intensiv templərlə yenidən qurulması, yeni yataqların mənimsənilməsi, neftçilərin qarşısına qoyulan məsələlərin geniş əhatə dairəsi sistematik elmi-tədqiqatların aparılmasını tələb edirdi. Mövcud olan maddi-texniki imkanlar bu işlərin həyata keçirilməsində çətinlik yaradırdı.
1929-cu ildə Xalq Komissarları Şurasının qərarı ilə “Azərbaycan Neft Tədqiqat İnstitutu” – AzərNTİ – yaradılır. Beləliklə, Şərqdə ilk dəfə olaraq quruda yerləşən yataqların axtarışı, kəşfi və mənimsənilməsi sahəsində genişmiqyaslı elmi-tədqiqat işlərini aparan elmi mərkəz yaradıldı.
İnstitutun yaradılmasından sonra qısa müddət ərzində qazıma sahəsində rotor üsuluna keçmə, yüksək sürətlə qazımanın elmi əsaslandırılması kimi mühüm məsələlər öz həllini tapır. İnstitutun ən böyük nailiyyətlərindən biri də respublikada turbin qazımasının inkişaf etdirilməsi olub. Fəaliyyətin ilk dövrlərindən başlayaraq institutda neftçıxarma texnologiyasının işlənməsi sahəsində müxtəlif istiqamətlərdə tədqiqatlar aparılmış və bunun nəticəsi kimi qaz-maye qaldırıcısının hesablanması və nəzəriyyəsi yaradılmış, dərinlik nasosları ilə neftçıxarmanın nəzəri-təcrübi aspektləri əsaslandırılmış, quyuların istismarında optimal avadanlığın seçilməsi metodikası işlənilmiş, neftli layların korrelyasiyasının mikrofaunistik üsulu, neftli obyektlərdə süxurların fiziki xüsusiyyətlərinə görə təsnifatı, neft mexanikası və hidromexanikasının əsasının qoyulması və s. olmuşdur.
İnstitutun işləmələri nəinki Azərbaycanın neft mədənlərində, həmçinin keçmiş Sovetlər İttifaqının mədənlərində geniş tətbiq olunmuşdu. Aparılan elmi-tətqiqat işlərin nəticəsində dünyada ilk dəfə olaraq layların “aşağıdan-yuxarıya” sistemi ilə işlənilməsi tətbiq edilmişdir.
İnstitut kompleks tədqiqatlar apararaq Xəzər dənizi akvatoriyasında və Azərbaycanın quru ərazilərində axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərini müəyyənləşdirən uzunmüddətli kompleks proqramı tərtib etmişdir.
İnstitutun verdiyi təkliflər əsasında aparılmış axtarış-kəşfiyyat işləri nəticəsində Kürovdağ, Mişovdağ, Kürsəngi, Qaradağlı, Zağlı-Zeyvə, Gürgan-deniz, Neft Daşları, Darvin küpəsi, Qum-deniz, Səngəçal-deniz, Duvannı-deniz, Xara-Zirə adası, Xara-Zirə-deniz, Bahar, Muradxanlı və s. kimi yataqlar üçün işlənmə layihələri və texnoloji sxemlər tərtib olunmuşdur. İnstitut neft-qaz quyularının istismarı sahəsində qum təzahürünə, hidratəmələgəlməyə, parafin və duzçökməsinə, quyu avadanlığının korroziyasına qarşı mübarizə üsullarının işlənilməsində böyük nailiyyətlər əldə etmişdir. Quyudibiətrafı zəif sementlənmiş süxurların sintetik qatran və polimerlərlə bərkidilməsi, kimyəvi və istiliklə təsir texnologiyaları Azərbaycan, Tatarıstan, Başqırdıstan və Orta Asiya respublikalarının neft mədənlərində müvəffəqiyyətlə tətbiq olunurlar.
Aparılan elmi-tətqiqat işlərinin əhatə dairəsi ğenişləndikcə institutun maddi-texniki bazasıda möhkəmlənir və AzərNTİ-nin təşkilatı formaların dəyişdirilməsinə ehtiyac yaranır. 1945-ci ildə AzərNTİ-nun əsasında iki institut yaradılır: neftçıxarma üzrə – Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İnstitut – AzərETNÇİ və neft emalı sənayesi üzrə – Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitut – AzərETNEİ.  1962-ci ildə AzərETNÇİ-nun qazıma şöbəsinin əsasında Azərbaycan Elmi-Tədqiqat Neft Qazıma İnstitutu – AzərETNQİ- yaradılır.
1970-ci ilin iyulun 1-dən AzərETNÇİ və AzərETNQİ birləşdirilərək Azərbaycan Dövlət Neft Sənayesinin Elmi Tədqiqat və Layihə İnstitutu – AzərNSDETLİ – yaradılır.
Respublikada neft-qaz emalı sənayesi inkişaf etdikcə neft-qaz emalı ilə məşğul olan obyektlərin layihələndirilməsinə kəskin zərurət yaranmışdır. Qarşıya qoyulan bu kimi məsələlərin həlli üçün 1938-ci ildə Azərbaycan Dövlət Neft Kimya Müəssisələrinin Layihələndirmə İnstitutu – “Azdövneftkimmli” – yaradılmışdır. Keçmiş neft sənayesi Nazirliyi sistemində bu institut Heydər Əliyev adına, “Azərneftyaq”, Volqoqrad, Ferqana, Krasnovodsk (hal-hazırda Türkmənbaşı), Çimkənt, Çarcjou (hal-hazırda Seydin) Neft Emal Zavodlarının baş layihəsiçi olmuşdur. İnstitutun layihəsi əsasında Azərbaycan Qaz Emalı Zavodu (QEZ) layihələndirilib tikilmişdir. İnstitut bir çox tipli qurğuların tərtibatçısı olmaqla 2-3 mən ton/il gücündə neftin distillə olunması üçün atmosfer-vakuum, 300-600 mln ton/il gücündə yağların təmizlənməsi və sulfid birləşmələrindən monoetanol ilə qazların təmizlənməsi üçün qurğuların layihələrini işləyib hazırlamışdır. Türkmənbaşı Neft Emalı zavodunun (NEZ) yenidən qurulması zamanı polipropilen istehsalı üzrə güclü kompleks dövriyyə su təminatının soyuducu sisteminin layihəsi yerinə yetirilmişdir, Polşa Respublikasında neftin ilk destilləsi və katalitik krekinq qurğuları, Rumıniyada – katalitik krekinq qurğusu, Hindistanda – lənginləndirici kokslaşdırma qurğusu və s. layihələri işlənilmişdir.
Ötən əsrin 50-ci illərində quruda yerləşən neft-qaz yataqları ilə yanaşı, dənizdə yerləşən neft-qaz strukturlarına olan maraq da artmışdır. Belə bir şəraitdə dəniz neft-qaz strukturlarında sənaye əhəmiyyətli yataqların işlənməsi, mənimsənilməsi, xüsusi hidrotexniki qurğuların və obyektlərin layihələndirilməsi, hidrometeoroloji, metalların korroziyası, neft və qaz quyuların qazılması, hasil olunan məhsulun hazırlanması və nəqli, dəniz yataqlarının abadlaşdırılması və s. kimi məsələlərin həlli tələb olunurdu. 1949-cu ildə qoyulan məsələləri kompleks şəkildə həll edə bilən “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu yaradılmışdır.
İnstitutun fəaliyyətinin əsas istiqamətləri bu obyektlərin layihələndirilməsindən ibarət olub: struktur-axtarış, kəşfiyyat və istismar quyuları; axtarış-kəşfiyyat və istismar quyuları, neftqazmədən hidrotexniki qurğuları; neft və qazın yığılması və nəqledilməyə hazırlanması qurğuları; lay təzyiqinin saxlanılması sistemi qurğuları; neft, neft məhsulları, qaz və su saxlanması üçün rezervuarlar; kompressor və nasos stansiyaları; mədəndaxili və magistral boru kəməri şəbəkələri; neft və qaz emalı zavodları; istehsal təyinatlı köməkçi mədən obyektləri; tikinti sənayesi obyektləri; qeyri-istehsal təyinatlı obyektlər (yaşayış binaları, səhiyyə, təhsil, kommunal təsərrüfat obyektləri və i.a.).
İnstitutun layihələri əsasında ümumi uzunluğu 400 km-ri aşan estakada və estakadayanı meydançalar, 300-dən çox stasionar dəniz özülü (bu qurğularda quyuların sayı 1-24 arası dəyişir, dərinlikləri  isə 6000 m-rə çatır), 84-160 m dəniz dərinliyi olan 14 dərin dəniz özülü tikilmişdir. Dənizin dibi ilə ümumi uzunluğu 2000 km-dən çox olan sualtı boru kəmərləri çəkilmişdir. İnstitutun layihələri əsasında dəniz neft-qaz yataqları işlənmiş və hasil olunan xammal sahildə yerləşən sənaye obyektlərinə nəql edilmişdir, kəşf edilmiş neft-qaz yataqlarının ehtiyatları kontura alınmış və hesablanmışdır, neft-qazmədən qurğularının tikintisi, nəqli və hazırlanması üçün texniki və texnoloji əsasları işlənib hazırlanmışdır. Dəniz qurğularının korroziyadan mühafizə problemləri nəzəri və metodiki cəhətdən təhlil edilmiş, bu məsələlərə aid çoxsaylı normativ sənədlər tərtib edilmişdir. Institutun ən əsas və vacib nəzəri-təcrübi tədqiqatlarından biri olan dəniz neft-qaz yataqlarının mənimsənilməsində dalğalanmanın, axının və küləyin göstəricilərinin normallaşdırılması və hidrometeoroloji proseslərin rejiminə görə Xəzərin rayonlaşdırılmasıdır.
İnstitutun mütəxəssisləri həmçinin müxtəlif sosial və sənaye obyektlərinin layihələndirilməsi üzrə çox böyük və mühüm işlər yerinə yetirmişlər. Son illər institutda layihəsi işlənilmiş bir sıra sosial obyektlərin, o cümlədən Bakıda H.Z.Tağıyev adına NQÇİ-nin, Lənkəran şəhərində müalicə-diaqnostika mərkəzinin, Şirvan şəhərində şəhər stadionunun, Lökbatan qəsəbəsində yaşayış kompleksinin adlarını çəkmək olar.
ARDNŞ-nin rəhbərliyinin elmi-texniki inkişafın yeni nailiyyətlərinə istiqamətlənmiş siyasəti nəticəsində, institun hal-hazırda mürəkkəb elmi-tətqiqat və layihə işlərini yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirən ən böyük müəssisələrdən biri sayılır.
İnstitutun şöbələrində elmi-tətqiqat işlərinin və layihələrin işlənilməsi üzrə böyük təcrübəyə malik olan mütəxəssislər çalışır. Institutda görülən işlər nəinki Azərbaycanda, hətta onun sərhədlərindən çox-çox uzaqlarda öyrənilir. İnstitut layihələrin yüksək texniki səviyyədə hazırlanması üçün yüksək əmsallı texniki vasitələrə malikdir. Müasir proqramlarla təmin edilmiş avadanlıqlardan istifadə olunması işin qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verir ki, buda instituta enerji-yanacaq komplekslinin obyektlərinin layihələndirilməsi və elmi-tədqiqat işləri üzrə Azərbaycanda lider olmaq mövqeyini qazandırır.
Azərbaycan Respublikası Prezidentinin 20.07.2009-cu il tarixi 126 №-li “ARDNŞ strukturunun təkmilləşdirilməsi” fərmanının icrası ilə əlaqədar, ARDNŞ Prezidentinin 21.07.2009-cu il tarixi 95 №-li Əmrinə əsasən, iki institutun – “Elmi Tədqiqatlar” və “Neftqazlayihə” – birləşməsi nəticəsində – ARDNŞ-nin NİPİ "Neftegas" yaradılmışdır. Yüksək elmi-texniki potensial və illər boyu toplanmış alimlərin və mütəxəssislərin zəngin təcrübəsi, müxtəlif dağ-geoloji şəraitlərdə neft yataqlarının kompleksli mənimsənilməsində mürəkkəb elmi və layihə-texniki məsələlərin müasir səviyyəsində həllinin zəmanətidir.
Neftin, qazın, suyun, süxurun, deemulqatorların istifadəsi, qazıma məhlulların xassələrinin təyin edilməsi və başqa tədqiqatlar dünya standartlarına cavab verən müasir sertifikatlaşdırılmış cihazlarda və laborator qurğularda aparılır.İnstitut müasir kompyuter texnikası və  problem-yönəldici proqram təminatı ilə təchiz olunub.
İllər boyu toplanmış məlumat bazası institutun sərvətlərindən biridir. 70 mindən çox kitab, 100 min çox elmi-texniki jurnallar və başqa nəşrlər institutun elmi-texniki kitabxanasında yerləşir.
İnstitutun 50-dən artıq kəşfiyyat-layihə işlərinin yerinə yetirilməsi üçün  Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən verilmiş lisenziyası vardır.
İnstitutun layihə və elmi-tədqiqat işləri hissələrində keyfiyyətin idarəetmə sistemı İSO 9001:2008 DNV kompaniyası tərəfindən ilə sertifikatlaşdırılıb.       
NİPİ “Neftegas”  dünyanın həm iri, həm də kiçik neft şirkətləri ilə zəngin iş təcrübəsi vardır. Bütün bunlar instituta imkan verir ki, öz əlaqələrini həm keçmiş, həmdə yeni partnerlarla genişləndirsin.
Müəllif hüquqları © 2015 - 2021 NIPI "Neftegas", SOCAR
ƏLAQƏ
_______________________
Tel.: (+994 12) 5211935
Faks.: (+994 12) 5211935
e-mail: info@niping.az

ÜNVAN
_______________________
AZ1122
Azərbaycan Respublikası,
Bakı şəh., H. Zərdabi 88а küç.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ
_______________________

QR-kod
__________________
İçeriğe dön